“Azərbaycan Enerji Encinirinq ənd Konsaltinq” MMC-nin yerli təşkilatçılığı və gümüş sponsorluğu ilə    Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın (International Association for Energy Economics-İAEE), 2018-ci ilin 18-20 oktyabr tarixlərində “Xəzər və Orta Asiya regionunda Enerji Sektorunda Qlobal Dəyişikliklərin təsiri” mövzusunda Bakı Ali Neft Məktəbində 3-cü İAEE Avrasiya konfransı keçirilmişdir. Bu, İAEE-nin mütəmadi keçirdiyi Avrasiya konfransları silsiləsinin bir hissəsidir. Bu konfransın keçirilməsində məqsəd hökumət, işgüzar dairələr, təhsil, elmi-tədqiqat qurumları və beynəlxalq təşkilatların iştirakı ilə Avrasiya regionunda enerji ilə əlaqədar qarşıya çıxan çağırışların müzakirə olunmasıdır. “Azərbaycan Enerji Encinirinq ənd Konsaltinq” MMC-nin Prezidenti Prof. Dr. Vilayət Vəliyev konfransın təşkilat komitəsinin sədri olmuşdur.

Konfransda Avrasiya məkanında enerji təhlükəsizliyinə qlobal çağırışlar - tələb və təklif problemləri, enerji bazarları və tənzimləmə, elektrik enerjisi təchizatının dayanıqlılığı, Avrasiyada enerji səmərəliliyi - ənənəvi enerji, alternativ enerji və istilik təchizatı və təbii qazdan istifadə - innovasiyalar və sənayenin inkişafına dair məsələlər əsas plenar iclaslarda müzakirə olunmuşdur. Tədbirdə İqtisadiyyat və Energetika Nazirliklərinin, SOCAR-ın, “BP” şirkətinin, İAEE-nin, habelə “AEEK” MMC-nin nümayəndələri iştirak etmişdir.

Çili, İspaniya, Pakistan, Türkiyə, Azərbaycan və Kırğızıstan Respublikasından olan iştirakçılar elektrik enerjisinin modelləşdirilməsi, neft bazarları - qiymət, tələb və gəlir, regional qaz ticarəti, texnoloji inkişaf, enerji çatışmazlılığı, səmərəliliyi və təchizatda təhlükəsizlik mövzularında alt iclaslarda məruzələrlə çıxış etmişlər.  

Qeyd edək ki, “Xəzər Regionunun İnşkiaf Edən Enerji İqtisadiyyatı: Çətinliklər və İmkanlar” mövzusunda IAEE-nin ilik Avrasiya Konfransı 28-31 avqust 2016-cı il tarixlərində Bakı şəhərində (Azərbaycan), “Avrasiyada Enerji: Çağırışlar, Risklər və İmkanların İqtisadi Perspektivləri” mövzusunda 2-ci IAEE Avrasiya Konfransı 13-14 oktyabr 2017-ci il tarixlərində Zaqreb şəhərində (Xorvatiya) keçirilmişdir. 


Oktyabr 21, 2018

Paylaş: